Gürcüstanda qadın jurnalistə 2 il həbs verildi

Mzia Amaqlobeli

Tanınmış gürcü jurnalisti, "Netqazeti" və "Batumelebi" müstəqil media qurumlarının təsisçisi Mzia Amaqlobeli 2 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq fəalları bu həbsin siyasi motivli olduğunu bildiriblər.

Batumi şəhər Məhkəməsinin hakimi Nino Saxelaşvili avqustun 6-da Amaqlobelini yanvarda keçirilən Avropayönlü etiraz aksiyasında hüquq-mühafizə orqanı əməkdaşına müqavimət göstərməkdə və ya ona qarşı zorakılıq tətbiq etməkdə təqsirli bilərək hökm oxuyub.

Amaqlobeli əvvəlcə daha ağır cinayət - polis əməkdaşına hücumda ittiham olunsa da, sonradan bu ittiham azaldılıb. Hakimiyyət orqanları iddia edir ki, o, Batuminin polis rəisi İrakli Dqebuadzeyə şillə vurub. Amaqlobeli bu ittihamı rədd edir və bildirir ki, Dqebuadze onu təhqir edib və üzünə tüpürüb, bu da onun instinktiv reaksiya verməsinə səbəb olub. Müdafiə tərəfi bildirir ki, ittihamı dəstəkləyən obyektiv sübut yoxdur və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.

Gürcüstanda mediaya təzyiqlər

Qlobal insan hüquqları, jurnalist təşkilatları Amaqlobelinin həbsini Gürcüstanda media azadlığına qarşı daha genişmiqyaslı təzyiqlərin bir hissəsi kimi pisləyiblər. Avropa Parlamenti iyunun 19-da qəbul etdiyi qətnamədə Amaqlobelini dərhal azadlığa buraxmağa çağırıb və Gürcüstan hökumətini müstəqil mediaya qarşı sistematik hücumlarda ittiham edib.

Gürcüstan rəsmiləri beynəlxalq tənqidlərə cavab verərək bildirib ki, Amaqlobeliyə qarşı işin onun jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Onlar həmçinin Avropa İttifaqını Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham ediblər.

Məhkəmədəki son ifadəsində Amaqlobeli həmkarlarına və beynəlxalq tərəfdaşlarına həmrəyliklərinə görə təşəkkür edərək bildirib ki, onun işi Gürcüstanda mətbuat azadlığı uğrunda daha geniş mübarizəni əks etdirir.