Keçid linkləri

2025, 08 Avqust, Cümə, Bakı vaxtı 18:08

Almaniya İsrailə silah ixracını qismən dayandırır


Fridrix Merts
Fridrix Merts

Almaniya Qəzza zolağında istifadə oluna biləcək silahların İsrailə ixracını dayandırır. Bunu Almaniya kansleri Fridrix Merts avqustun 8-də açıqlayıb.

Bu addım Berlindən İsrailin artmaqda olan hərbi əməliyyatlarına qarşı indiyədək verilmiş ən açıq reaksiya kimi qiymətləndirilir.

"Mövcud şəraitdə Almaniya hökuməti növbəti bildirişə qədər Qəzza zolağında istifadə oluna biləcək hərbi avadanlıqların ixracına icazə verməyəcək", - hökumətin yaydığı açıqlamada kansler F.Merts bildirib.

O əlavə edib ki, Qəzzada əməliyyatların intensivləşdirilməsi barədə İsrail hökumətinin planı girovların azad edilməsi və ya HƏMAS-ın silahsızlaşdırılması kimi məqsədlərə nail olmağı getdikcə daha da çətinləşdirir.

"Politico" yazır ki, Almaniya hökumətinin qərarı tam silah embarqosunu nəzərdə tutmur və Qəzza kampaniyası ilə əlaqəsi olmayan, məsələn, raketdən müdafiə və ya dəniz qüvvələri üçün nəzərdə tutulan sistemlərin ixracının davam etdirilməsi ehtimalını saxlayır.

Almaniya Avropada İsrailin ən yaxın müdafiə tərəfdaşlarından biri sayılır. Yeni qərar yalnız yeni silah ixracı üçün lisenziyaların verilməsinin dondurulmasına aiddir. Əvvəlki müqavilələr üzrə tədarüklər davam edə bilər, lakin əgər bu silahların Qəzzada istifadə olunma ehtimalı varsa, həmin çatdırılmalar da dayandırıla bilər.

Merts həmçinin İsraili İordan çayının qərb sahilinin ilhaqı istiqamətində addımlar atmamaq barədə də xəbərdarlıq edib.

Benyamin Netanyahu
Benyamin Netanyahu

İsrail təhlükəsizlik kabineti Qəzza şəhərinin işğalı planını təsdiqləyib

İsrailin təhlükəsizlik kabineti baş nazir Benyamin Netanyahunun Qəzza şəhərinə hərbi nəzarəti ələ keçirmə planını təsdiqləyib və müharibənin başa çatdırılması üçün beşmərhələli prosesi dəstəkləyib. Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

İsrailin təhlükəsizlik kabinetinin təsdiq etdiyi planda xüsusi olaraq Qəzza şəhərinə diqqət yetirilsə də, Netanyahu bildirib ki, İsrail ümumilikdə Qəzza zolağına hərbi nəzarəti ələ keçirmək niyyətindədir.

Kabinetin qərarında deyilir ki, fələstinlilərə Qəzza şəhərini boşaltmaq üçün 2025-ci il oktyabrın 7-dək vaxt veriləcək.

Eyni zamanda kabinet müharibəni bitirmək üçün "beş prinsip"i razılaşdırıb.

Bu prinsiplər HƏMAS-ın tərksilah edilməsi, bütün girovların qaytarılması, Qəzza zolağının demilitarizasiyası, Qəzza zolağında İsrail təhlükəsizlik qüvvələrinin nəzarəti, nə HƏMAS, nə də Fələstin Muxtariyyəti olan alternativ mülki idarənin yaradılmasını əhatə edir.

Kabinetin iclasından əvvəl "Fox News"a müsahibəsində "İsrail bütün sahil ərazisini ələ keçirməyi planlaşdırırmı" sualına Netanyahu "Niyyətimiz budur", - deyə cavab verib. İdarəetmə planları barədə ətraflı danışmasa da, Netanyahu İsrailin bu ərazini ərəb qüvvələrinə təhvil vermək istədiyini bildirib: "Biz Qəzzanı saxlamaq istəmirik, sadəcə təhlükəsizlik perimetri yaratmaq istəyirik. Biz orada idarəçilik etmək, hökumət qurumu kimi orada olmaq istəmirik".

Netanyahunun yeni təsdiqlənmiş planı İsrail qüvvələrinin bu münaqişə dövründə ilk dəfə olaraq anklavın şimalında yerləşən Qəzza şəhərinə daxil olaraq oraya nəzarəti ələ keçirməsini nəzərdə tutur.

Təxminən bir milyon sakinin yaşadığı bu şəhər artıq İsrail Müdafiə Qüvvələrinin (İDF) nəzarətində olan və ya təxliyə əmri verilmiş ərazilərlə əhatə olunub.

İsrail Qəzzanın 75 faizinə nəzarət etdiyini bildirir, BMT isə ərazinin təxminən 87 faizinin ya hərbiləşdirilmiş zona olduğunu, ya da təxliyə əmrinə tabe olduğunu təxmin edir.

Reaksiyalar

İsrailin müxalifət lideri Yair Lapid təhlükəsizlik kabinetinin Qəzza şəhərini ələ keçirmək qərarını "fəlakət" adlandırıb. O deyib ki, bu addım daha çox fəlakətlərə səbəb olacaq.

Lapid bu addımın qalan girovların və çoxlu İsrail əsgərinin öldürülməsinə səbəb olacağını bildirib.

Təhlükəsizlik kabinetinin 10 saat yaxın davam edən müzakirələrində İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir də Netanyahunun təklifinə qarşı olduğunu bildirib. "Qəzzanı işğal etmək üçün bu planı davam etdirsək, girovların həyatı təhlükə altında olacaq. Onlara zərər verməyəcəyimizə zəmanət vermək üçün heç bir yol yoxdur. Bizim qüvvələrimiz yorulub, hərbi alətlərin təmirə ehtiyacı var, həmçinin humanitar və sanitar vəziyyətlə bağlı narahatlıqlar var", - "Kanal 12" IDF rəhbərindən sitat gətirib.

Böyük Britaniyanın baş naziri Kir Starmer də İsrailin təhlükəsizlik kabinetinin Qəzzada hücumunu daha da genişləndirmək qərarını "səhv" adlandırıb və İsrail hökumətini bu addımı dərhal yenidən nəzərdən keçirməyə çağırıb.

"Bu addım nə münaqişənin bitməsinə, nə də girovların azad olunmasına kömək edəcək. Yeganə nəticəsi daha çox qan tökülməsi olacaq", - o bildirib. "Bizim mesajımız aydındır: diplomatik həll mümkündür, lakin hər iki tərəf məhvə aparan yoldan çəkilməlidir".

İsrail hökumətindəki iki mənbə "Reuters"ə bildirib ki, təhlükəsizlik kabinetinin hər hansı qərarı Nazirlər Kabinetinin tam tərkibi tərəfindən də təsdiqlənməlidir.

Xatırlatma

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insan öldürüldüyü bildirilir, amma bunun neçəsinin döyüşçü olduğu bəlli deyil. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.

XS
SM
MD
LG